“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin “bələdiyyə qulluqçularının peşə bayramı” gününün rəsmi şəkildə elan olunması ilə bağlı irəli sürdüyü təşəbbüsə dəstək hər gün artmaqdadır.
Sözügedən mövzuya münasibət bildirən Xırdalan bələdiyyəsinin üzvü Elməddin Behbud Belediyye.info-ya açıqlamasında bildirib ki, bu təşəbbüs faydalı və təqdirəlayiqdir. Ölkəmizdə artıq 17 ildir ki, fəaliyyət göstərən, məhdud maddi imkanlara və o qədər də geniş olmayan səlahiyyətlərə rəğmən çoxsaylı yerli problemlərin-sosial, infrosturktur layihələrinin uğurla icrasını həyata keçirən yerli özünüidarəetmə orqanlarında çalışan şəxslərin peşə bayramı gününün müəyyən olunması hesab edirəm ki, çox doğru və faydalı addım olardı. Peşə bayramı gününün elan olunması onminlərlə vətəndaşın çalışdığı və dünya təcrübəsində fəaliyyəti özünü doğrultmuş qurum olan bələdiyyələrin inkişaf etdirilməsi, üzv və qulluqçularında məsuliyyət hissinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Düşünürəm ki, bu onların haqqıdır. Ancaq yaxşı olardı ki, bu təşəbbüs “bələdiyyə üzv və qulluqçularının peşə bayramı günü təyin olsun" şəklində aparılardı. Çünki bələdiyyə seçkili orqandır, müəyyən ərazi hüdudlarında yaşayan vətəndaşların azad seçki hüququnu gerçəkləşdirməsi əsasında formalaşır. Qulluqçuların işə götürülməsi ilə bağlı qərarı verənlər də bunlar - bələdiyyə üzvləridir. Ona görə qulluqçulara ayrı və üzvlərə ayrı peşə gününün müəyyən edilməsi doğru və real deyil.
Belediyye.info